Rusiya-Türkiyə münasibətlərində qarşılıqlı güzəştlər-TƏHLİL

12 октября , 2016, 16:32

Oktyabrın 10-da İstanbulda keçirilən Ümumdünya Enerji Konqressi və tədbir çərçivəsində Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında aparılan danışıqlar Rusiya-Türkiyə münasibətlərində yeni səhifə açdı. Siyasi arenada maraqları Suriya məsələsinə görə toqquşan Moskva və Vaşinqton ötən ilin noyabrında baş verən təyyarə böhranını unudaraq əvvəlki strateji münasibətləri tam sürətlə bərpa etməyi davam etdirmək qərarına gəldilər.

Ukrayna və Suriya münaqişələri səbəbindən Qərblə münasibətləri kəsilmə nöqtəsində olan Rusiya və 15 iyul dövlət çevrilişi cəhdindən sonra Qərblə münasibətləri korlanan Türkiyə üçün 10 oktyabr tarixi gün idi.

Moskva-Ankara münasibətlərinin normallaşması prosesinin başlanmasından sonra ilk dəfə idi ki, Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edirdi. Düz iki ay bundan qabaq isə, avqustun 10-da Türkiyə prezidenti Ərdoğan Rusiyaya səfər edərək Sankt-Peterburqda Putinin əlini sıxmışdı.  

Təyyarə qalmaqlaından sonra iki ölkə arasında yaşanan gərginlik bu ilin iyun ayında Türkiyə prezidentinin rusiyalı həmkarına üzrxahlıq məktubu göndərməsi ilə başa çatmışdı. Həm Moskva, həm də Ankara rəsmiləri iki liderin arasında barışığın əldə olunmasında Azərbaycan və Qazaxıstan prezidentlərinin xüsusi əməyinin olduğunu etiraf etmişdilər.

"Böyük 20-lər"in Pekin sammitində də Putin və Ərdoğan görüşü dünyanın diqqət mərkəzində olmuşdu.

Məlumdur ki, Rusiya ilə Türkiyə arasında Suriya münaqişəsi ilə bağlı fikir ayrılığı mövcuddur. Ötən il böhranın yaranmasına səbəb də məhz Suriya olmuşdu. Ərdoğanın Sankt-Peterburq görüşündə bu fikirayrılığının qaldığı bir daha təsdiqlənmişdi. Putinin İstanbul səfəri Suriya münaqişəsi ilə bağlı Moskva ilə Ankara arasında razılığın əldə olunacağı baxımından Kreml üçün böyük əhəmiyyət daşıyırdı. Çünki Moskvanın böyük ümidlər etdiyi Suriya münaqişəsi ilə bağlı Vaşinqton-Moskva anlaşması fiaskoya uğramışdı. Hələbdə BMT humanitar karvanının bombalanması sentyabrın 8-də Rusiya ilə ABŞ arasındakı Suriya ilə bağlı əldə olunan razılaşmanın həyata keçirilməsini əngəlləmişdi. Vaşinqton bu məsələdə Moskvanı günahlandırır. Suriya ilə bağlı Fransanın BMT Təhlükəsizlik Şurasına çıxardığı təkliflər paketinə Rusiya tərəfindən veto qoyulması isə Moskva-Qərb münasibətlərini daha da kəskinləşdirib. Kremlin Suriya münaqişəsinin həllində Ankara ilə əməkdaşlıqdan başqa çıxış yolunun qalmadığı mütləqdir. 

Son 2 ay ərzində iki ölkə liderinin 3 dəfə görüş keçirməsi Moskva və Ankaranın hansı məsələdə bir-birinə güzəştə getdiklərini əsas diqqət mərkəzində saxlayır. 

Rusiya KİV-ləri Putinin İstanbul səfərinə müxtəlif aspektdən yanaşıblar. Misal üçün nüfuzlu "Moskovskiy Komsomolets" qəzeti Putinin İstanbul səfərini Çerçilin məşhur "Siyasətdə dost və düşmən yoxdur, qarşılıqlı maraqlar var" ifadələri ilə şərh edib. Qəzetin yazıdğına görə, Rusiyanın milli maraqları Türkiyə ilə yaxın olmaqdan keçir. İstanbul görüşünün Moskva və Ankaranın maraqlarına xidmət edəcəyi vurğulanır. Rusiya və Türkiyənin Qərblə həm ideoloji, həm də strateji baxımdan qarşı-qarşıya durduğu bildirilir. Nəşr vurğulayır ki, həm Moskva, həm də Ankara müstəqil daxili və xarici siyasət yürütmək, beynəlxalq arenada, xüsusi ilə də öz regionlarında onlarla hesablaşmalarını istəyirlər. İqtisadi problemlər və məhdudiyyətlərlə qarşı-qarşıya qalan Moskva və Ankaranın bir-birinə böyük ehtiyacı var.

"İzvestiya" qəzetində çap olunan Putin-Erdoğan görüşünə həsr olunmuş məqalədə Putinin bu tip tədbirlərə nadir hallarda getdiyi vurğulanır. Qəzet, Rusiya dövlət başçısının İstanbulda bir sıra vacib anlaşmalara imza atdığına diqqət çəkərək bu səfərin əhəmiyyətindən yazır. Bildirilir ki, Putin enerji bazarında sabitliyə nail olmaqdan ötrü neft hasilatını azaltmağa hazır olduqlarını bəyan edib və neft ixrac edən digər ölkələri də bu addımı atmağa çağırıb: "Neft hasilatının azaldılması dünya iqtisadiyyatının dayanıqlı inkişafı üçün yeganə yoldu",-deyə Rusiya prezidenti qeyd edib.

Putin İstanbuldakı Enerji Konqressində çıxışı və eneji bazarının iştirakçılarına mesaj ötürməsi işə yaramışdı. Belə ki, Rusiya lderinin çıxışından sonra dünya birjasında neftin bir barrelinin qiyməti illik maksimumunu yeniləyərək 53 ABŞ dollarını ötmüşdü.

İstanbul görüşündə Moskva üçün əsas xəbərlərdən biri "Türk axını" qaz kəməri layihəsinin reallaşdırılması ilə bağlı hökumətlərarası sazişin imzalanmasıdır ki, bu da məlum layihəyə ikinci nəfəsin verilməsi kimi qiymətləndirilir.  

Qayıdaq tərəflərin bir-birinə edəcəyi və ya etdiyi güzəştlər məsələsinə...Kremllə genişmiqyaslı münasibətlərin bərpa edilməsi marağında olan Ankaranın artıq Suriya məsələsində güzəştə getdiyi hiss olunmaqdadır. Türkiyə lideri Suriya prezidenti Bəşər Əsədin istefaya getməsini artıq tələb etmir. Ankaranın Suriya ritorikasında yumuşalma hiss olunmaqdaır. Türkiyə rəsmilərində Əsədin taleyi ilə bağlı mövqedəyişikliyinin olduğu artıq açıq-aydın sezilməkdədir. Moskva və Ankara arasında aparılan danışıqlardan sonra Türkiyənin Suriya müxalifətinə dəstəyini azaldacağı da bildirilir. Bütün bunlar Ankaranın Moskvaya edəcəyi güzəştlər səbətinə daxildir. 

Bəs Moskvanın Ankaraya eədəcəyi güzəşətləri nədən ibarət olacaq?

Putinlə Ərdoğan arasında bir neçə saat davam edən danışıqlarda iqtisadi-ticarət münasibətləri, turizm və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Rusiya prezidenti ölkə bazarlarının Türkiyə meyvə-tərəvəzinə tam açıq olduğunu bəyan edib. Böhrandan sonra idxalına qadağa qoyulduğu sitrus və dənli meyvələrin Rusiya bazarlarına girişinə icazə verilib. Putin görüşdə Rusiya qazının qiymətinin aşağı salınması haqqında danışıldığını da bildirib.

Görüşdə diqqət çəkən məqamlardan biri, bəlkə də ən vacibi Rusiya nümayəndə heyətinin tərkibində Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun iştirak etməsi olub. Bunun təsadüf olmadığı məlumdur.

İki ölkə ölkənin hərbçiləri arasında Suriya ilə bağlı danışıqların aparılması, bu müddət bundan əvvəl RF Baş Qərargah rəisinin Ankaraya səfəri Rusiya-Türkiyə arasında Suriya ilə bağlı hansısa razılığın olmasından xəbər verir.

Moskva Ankaradan Əsəd müxalifətinə dəstəyi tam kəsməyi xahiş edir. Bunun müqabilində isə çox güman ki Türkiyənin PKK terror təşkilatına və onun Suriyadakı qolu olan PYD-yə qarşı mübarizəsində Kremlin Ankaraya tam dəstəyi vəd olunur. Bu dəstəyin nədən ibarət olması ilə sual doğurur.

Bir sözlə, Moskva və Ankaranın öz aralarındakı anlaşmaya riayət edəcəkləri məlumdur. Çünki hər iki ölkənin bir-birinə ehtiyacı var.  

Fərid Əkbərov, APA-nın Moskva müxbiri

 


889 просмотров

Нам пишут Написать
Наверх