Moskvada akademik Vəli Axundovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

12 октября , 2016, 12:29

Moskvada tanınmış dövlət xadimi, akademik Vəli Axundovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. VAKinfo-nun məlumatına görə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasının salonunda keçirilən tədbirdə Vəli Axundovun 100 illik yubiley tədbirləri çərçivəsində “Epoxanın fonunda portret. Vəli Axundov” kitabının təqdimat mərasimi də keçirilib.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar bölməsinin rəhbəri Tamilla Əhmədova Vəli Axundovun xalqı və dövləti qarşısında xidmətlərindən danışıb. Fond nümayəndəsi Azərbaycan Prezidenti İlham Əliyevin V.Axundovun 100 illik yubileyinin qeyd olunması haqqında sərəncamının ölkəmizdə dövlətimizin tarixi şəxsiyyətlərə veridiyi böyük dəyərin təzahürü olduğunu söyləyib: “Vəli Axundov bütün ömrünü xalqına həsr etmişdi. Ulu Öndər Heydər Əliyev demişdi ki, Vəli Axundov hələ uzun illər dövlət xadimləri və alimlər üçün nümunə olacaq və bu gün Azərbaycan xalqı onu böyük minnətdarlıqla xatırlayır”. 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ötən əsrin 50-ci illərinin şəxsiyyətə pərəstiş dövründən sonra Azərbaycanda Vəli Axundov kimi ziyalının hakimiyyətə gəlməsini respublikamızın   inkişafı üçün mühüm hadisə adlandırıb. Səfirin sözlərinə görə, həmin illər Azərbaycanda qabaqcıl düşüncəli, müasir dünya görüşlü mədəniyyət xadimlərinin bütöv bir nəsli yetişib.

Polad Bülbüloğlu Vəli Axundov ilə bağlı uşaqlıq xatirələrini də bölüşüb: “Atam Bülbül vəfat edəndə mən hələ çox gənc idim. O zaman Bülbülün tabutunu Azərbaycan Elmlər Akademiyasının binasından çiyinlərində götürənlər arasında Vəli Axundov da var idi. Sonralar Vəli müəllim, heç vaxt qayğısını ailəmizdən əsirgəməmişdi, mənim təhsil almağımda və formalaşmağımda mühüm rol oynamışdı”.

Səfir dövlətimiz tərəfindən Vəli Axundovun xatirəsinə göstərilən böyük ehtirama görə prezident İlham Əliyevə təşəkürünü bildirib. 

Ötən əsrin 60-cı illərində Şuşa rayon partiya komitəsinin birinci katibi işləmiş Arif Ağakişyev Vəli Axundovun rəhbərliyi altında çalışdığı illəri xatırlayıb, onun Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bu bölgəyə xüsusi diqqət və qayğısından danışıb. O, Şuşada azərbaycanlılarla ermənilər arasında növbəti qarşıdurmadan sonra Vəli Axundovun o zaman Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri işləmiş Heydər Əliyev ilə birlikdə bölgəyə səfərini xatırladıb:  “Vəli Axundov məni yanına çağıraraq dedi ki, “Arif, unutma ki, Şuşada azərbaycanlılarla ermənilər arasında qarşıdurmalar baş verir. Burada sabitliyin qorunması vacib məsələdir”. 

Tədbirdə çıxış edənlər digər natiqlər Vəli Axundovun vətəninə, xalqına sevgisinin onun yaxınlarına, doğmalarına, onu əhatə edən hər kəsə sirayət etdiyini vurğulayıblar: "Onun hakimiyyəti dövrü sınaqlar və səhvlər, qabaqcıl ideyalar dövrü idi. Vəli Axundov görkəmli alim, ictimai xadim və vətənpərvər idi və müasirlərinin yaddaşında belə də qalacaq".

Tədbirin sonunda V.Axundovun qızı Nigar Axundova atasının xatirəsinə göstərilən qayğıya görə prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib. O, Bakıda Vəli Axundovun yubiley tədbirlərinin uğurla keçirildiyini vurğulayaraq daha bir tədbirin Rusiya paytaxtında keçirilməsi çox rəmzi xarakter daşıdığını söyləyib: “Atam Moskvaya tez-tez gələrdi. O zamankı SSRİ-nin rəhbərliyi ilə sıx əlaqədə olurdu. Eyni zamanda, burada çoxlu dostları, həmkarları var idi”.

Qeyd edək ki, Rusiyanın tanınmış mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri, Azərbaycan diasporunun təmsilçilərinin iştirak etdiyi tədbirdə "Vəli Axundov. XXI əsrdən baxış" filmi də nümayiş olunub.  

Rauf Fəridoğlu

 


615 просмотров

Нам пишут Написать
Наверх